FƏSİL 9
«Mən sizə vahid ürək verəcəyəm»
MƏZMUN: Dirçəliş və bu mövzunun Hizqiyalın peyğəmbərliklərində əks olunması
1—3. Babillilər Yehovaya ibadət edən yəhudiləri necə ələ salırdılar və nəyə görə?
TƏSƏVVÜR EDİN Kİ, siz Babil şəhərində yaşayan sadiq yəhudisiniz. Haradasa yarım əsrdir, bu ölkəyə sürgün olunmusunuz. Siz hər şənbə dindaşlarınızla bir yerə toplaşıb Yehovaya ibadət edirsiniz. Bu gün yenə şənbədir və siz yenə də qələbəlik küçələrdən keçib gedərək dindaşlarınızla görüşə tələsirsiniz. Yol boyunca əzəmətli məbədləri, səcdəgahları bir-bir ötüb keçirsiniz. Bu ibadət yerlərinə o qədər adam yığışıb ki, iynə atsan, yerə düşməz. Marduka və digər tanrılara qurbanlar gətirən, həmdlər ucaldan bu adamların səsi qulağınızda cingildəyir.
2 Ancaq bütün bu səs-küy geridə qalır. Siz gəlib sözləşdiyiniz yerə çatırsınız. Bir neçə dindaşınız burada sizi gözləyira. Çay kənarında sakit bir yer tapıb oturursunuz. Bu sükunəti sahilə bərkidilmiş qayıqların xəfif cırıltısından başqa heç nə pozmur. Siz birlikdə dua edir, məzmurlar oxuyur, Allahın kəlamları barədə söhbət edirsiniz. Bu hüzur dolu ab-hava qəlbinizə sərinlik gətirir. Heç olmasa burada bir az dinclik tapırsınız. Ürəyinizdən bir yalvarış qopur: kaş heç kim gəlib bizi görməyəydi, ibadətimizə mane olmayaydı. O qədər olub ki, yerli camaat sizə ibadət etməyə imkan verməyib. Axı nəyə görə?
3 Babil çox döyüşlərdə qalib çıxıb. Babillilər inanır ki, bu zəfərləri onlara bəxş edən sitayiş etdikləri tanrılardır. Onların təsəvvüründə Yerusəlimin yerlə-yeksan edilməsi Mardukun Yehovadan güclü olduğuna sübutdur. Odur ki, onlar sizin Allahınızı və xalqınızı lağa qoyurlar. Hərdən rişxəndlə sizə əmr edirlər: «Bizə Sion barədə nəğmə oxuyun» (Zəb. 137:3). Bir sıra məzmurda Sionun Yehovanın düşmənləri üzərində qələbəsi tərənnüm olunur. Babillilərə həmin məzmurları ələ salmaq xüsusi ləzzət verir. Digər məzmurlarda isə babillilərin özləri haqda danışılır. Məsələn, bir məzmurda deyilir: «Yerusəlimi xarabalığa çevirdilər... Bütün ər-ətraf bizi lağa qoyur, ələ salır» (Zəb. 79:1, 3, 4).
4, 5. Hizqiyalın peyğəmbərliyində hansı ümid xəbəri var və bu fəsildə nə nəzərdən keçirilir? (Fəslin əvvəlindəki şəklə baxın.)
4 Babillilərdən çəkdikləriniz azmış kimi, bir yandan da dönük yəhudilər sizi Yehovaya və Onun peyğəmbərlərinə iman etdiyinizə görə ələ salırlar. Bu rişxəndlərə baxmayaraq, ailənizlə birgə pak ibadət etmək sizin sınıq qəlbinizə məlhəm olur. Birlikdə dua edəndə, məzmurlar oxuyanda ürəyiniz qanad açır. Allahın kəlamlarını oxuyanda isə hər kəlmə pərişan könlünüzü ovudur (Zəb. 94:19; Rom. 15:4). Günlərin bir günü dindaşlarınızdan biri kiçik ibadət məclisinizə müjdə ilə gəlir. Yehova xalqını vətənə qaytaracaq! Dindaşınızın gətirdiyi tumardan Hizqiyalın peyğəmbərliyi oxunduqca qəlbiniz pərvazlanıb uçur. Düşüncələriniz sizi gələcəyə aparır. Gün gələcək ailənizlə birgə vətənə qayıdacaqsınız, pak ibadətin dirçəlməsinə öz töhfənizi verəcəksiniz.
5 Hizqiyal dönə-dönə dirçəlişlə bağlı peyğəmbərliklər söyləyib. Gəlin bu ümidlə dolu mövzunu nəzərdən keçirək. O vədlər sürgündə olan yəhudilər üçün necə gerçəkləşdi? Bu peyğəmbərliklərin bizim dövrümüzlə hansı əlaqəsi var? Bu fəsildə həm bu suallara cavab tapacağıq, həm də bu peyğəmbərliklərdən bəzilərinin gələcəkdə son dəfə necə yerinə yetəcəyini nəzərdən keçirəcəyik.
«Onlar sürgünə, əsirliyə gedəcəklər»
6. Allah üsyankar xalqını dönə-dönə nədən xəbərdar etmişdi?
6 Yehova üsyankarlığına görə xalqını necə cəzalandıracağını Hizqiyal peyğəmbər vasitəsilə aydın şəkildə bildirmişdi. O demişdi: «Onlar sürgünə, əsirliyə gedəcəklər» (Hizq. 12:11). Bu nəşrin 6-cı fəslində yazıldığı kimi, Hizqiyal xalqa kəsilmiş bu hökmü hətta səhnələşdirmişdi. Ancaq bu, xalqa edilmiş birinci xəbərdarlıq deyildi. Təxminən min il əvvəl Yehova Musa peyğəmbər vasitəsilə xalqını xəbərdar etmişdi ki, əgər onlar üsyankarlıqdan əl çəkməsələr, əsir aparılacaqlar (Qan. 28:36, 37). Əşiya, Ərəmya və digər peyğəmbərlər də xalqa oxşar xəbərdarlıqlar çatdırmışdı (Əşy. 39:5—7; Ərm. 20:3—6).
7. Yehova xalqını necə cəzalandırdı?
7 Təəssüflər olsun ki, əksər yəhudilər bu xəbərdarlıqları qulaqardına vurdular. Xalq üsyankarlığından, bütpərəstliyindən, xəyanətindən əl çəkmədi, mənfur çobanların təsiri altına düşüb pozuldu. Bu, o həddə çatdı ki, axırda Yehovanın onlardan qəlbi qırıldı. Yehova onlara aclıq çəkdirdi. Bir vaxtlar süd-bal axan diyar olan məmləkətdə aclıq çəkmək həm fəlakət, həm də rüsvayçılıq idi (Hizq. 20:6, 7). Sonra isə Yehova qabaqcadan dediyi kimi, ipə-sapa yatmayan xalqının sürgün olunmasına izin verdi. E. ə. 607-ci ildə Babil padşahı Navuxodonosor sonuncu zərbəni vurdu: məbədi dağıtdı, Yerusəlimi xaraba qoydu, sağ qalan minlərlə yəhudini Babilə əsir apardı. Fəslin əvvəlində təsvir olunduğu kimi, yəhudilər Babildə rişxəndlərlə, təqiblərlə üzləşirdilər.
8, 9. Yehova Allah məsihi yığıncağına hansı xəbərdarlıqları vermişdi?
8 Məsihi yığıncağı da Babilə sürgün edilən yəhudilərin yaşadıqlarını yaşayıb. Qədimdəki yəhudilər kimi, Məsihin davamçıları da qabaqcadan xəbərdarlıqlar almışdılar. İsa Məsih xidmətinin əvvəlində demişdi: «Özünüzü yalançı peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar» (Mət. 7:15). Üstündən illər keçəndən sonra həvari Bulus da oxşar xəbərdarlıq söyləmişdi: «Bilirəm ki, mən gedəndən sonra aranıza amansız canavarlar girəcək, onlar sürüyə rəhm etməyəcəklər. Həmçinin sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər» (Həv. 20:29, 30).
9 Məsihilərə bu cür təhlükəli insanları müəyyən etmək və onlardan uzaq durmaqla bağlı məsləhətlər verilmişdi. Məsihi ağsaqqallara dönükləri yığıncaqdan kənar etmək buyurulmuşdu (1 Tim. 1:19; 2 Tim. 2:16—19; 2 But. 2:1—3; 2 Yəh. 10). Buna baxmayaraq, qədim İsrail və Yəhuda əhli kimi, məsihilər də tədricən bu xəbərdarlıqları qulaqardına vurdular. Birinci əsrin sonlarına yaxın dönüklük artıq yığıncağa ayaq açmışdı. Həmin vaxt həvarilərdən təkcə Yəhya sağ qalmışdı. O, yığıncaqda üsyankarlığın və dönüklüyün geniş yayıldığını görürdü. Bu zəhərin yığıncağı büsbütün bürüməsinin qarşısını alan həvarilər idi, onlardan da təkcə Yəhya qalmışdı (2 Salon. 2:6—8; 1 Yəh. 2:18). Bəs həvari Yəhyanın ölümündən sonra nə baş verdi?
10, 11. İsanın buğda və alaq otu məsəli eramızın ikinci əsrindən etibarən necə yerinə yetməyə başladı?
10 Həvari Yəhyanın ölümündən sonra İsanın «buğda və alaq otu» məsəli yerinə yetməyə başladı. (Mətta 13:24—30 ayələrini oxuyun.) İsanın qabaqcadan dediyi kimi, Şeytan yığıncağa alaq otlarını, yəni yalançı məsihiləri səpdi və yığıncaq daha sürətlə pozulmağa başladı. Təsəvvür etmək olar, Yehova görəndə ki, Oğlunun yaratdığı yığıncaq bütpərəstliklə, yalan dindən gələn bayram və ayinlərlə, allahsız filosofların, şeytani dinlərin ehkamları ilə ləkələnir, ürəyini necə kədər çulğayırdı. Bəs Yehova nə etdi? Xəyanətkar İsraili cəzalandırdığı kimi, bu xalqını da cəzasız qoymadı. Onların sürgün edilməsinə izin verdi. Eramızın ikinci əsrindən başlayaraq, buğdaya bənzər məsihilər yalançı məsihilərin içində itib-batdılar. Həqiqi məsihi yığıncağı yalan dinlərin cəm olduğu Böyük Babilin bir növ əsarətinə düşdü. Böyük Babil yalançı məsihiləri büsbütün təsiri altına saldı. Get-gedə yalançı məsihilər qol-budaq atdı, beləcə, Xristian dünyası peyda oldu.
11 Xristian dünyasının ağalıq etdiyi əsrlər ərzində dünya ruhani zülmətə qərq olmuşdu. Amma bu dövrdə İsanın məsəlində buğda ilə təmsil olunan həqiqi məsihilər də mövcud idi. Hizqiyal 6:9 ayəsində təsvir olunan yəhudi əsirlər kimi, onlar da Allahı yada salırdılar. Bəziləri cəsarətlə Xristian dünyasının yalan ehkamlarını ifşa edirdi. Onlar rişxənd və təqiblərlə üzləşirdilər. Bəs Yehova xalqını bu zülmətdə həmişəlik saxlamaq fikrində idi? Xeyr! Qədim İsraili cəzalandıranda olduğu kimi, bu dəfə də Yehovanın qəzəbi lazımi ölçüdə oldu və lazım olduğu qədər davam etdi (Ərm. 46:28). Üstəlik, Yehova xalqına ümid də vermişdi. Gəlin qədim Babildə yaşayan yəhudi əsirlərin dövrünə qayıdaq və görək Yehova onlara əsirliyin bitməsi ilə bağlı hansı ümidi vermişdi.
«Hirsim yatacaq»
12, 13. Yehovanın əsirlikdə olan xalqına qəzəbini nə soyutdu?
12 Düzdür, Yehova xalqına qəzəblənib onları cəzalandırdı, ancaq eyni zamanda onları əmin etdi ki, qəzəbi əbədi sürməyəcək. Məsələn, bu sözlərə fikir verin: «Onda hirsim yatacaq, onda qəzəbim soyuyacaq, onda Mən sakitləşəcəyəm. Qeyzimi onların üstünə töküb qurtaranda biləcəklər ki, Mən Yehova tam sədaqət tələb edirdim» (Hizq. 5:13). Bəs Yehovanın qəzəbini nə soyudacaqdı?
13 Əsirlərin içində sadiq yəhudilər də var idi. Onlar xəyanətkar soydaşlarının badına gedib əsir aparılmışdılar. Üstəlik, Yehova Hizqiyal vasitəsilə demişdi ki, xalqın içindən bəziləri əsirlikdə olanda tövbə edəcək. Bu tövbəkar yəhudilər Allaha qarşı üsyan edərək tutduqları iyrənc əməlləri yada salacaq, Yehovadan əfv və mərhəmət diləyəcəkdilər (Hizq. 6:8—10; 12:16). Hizqiyal, Dənyal peyğəmbər və onun üç dostu da əsir aparılmış sadiq insanlardan idi. Dənyal uzun ömür sürmüş, əsirlik dövrünü əvvəldən axıra kimi görmüşdü. O, İsrailin günahlarına görə Allaha yalvarıb tövbə etmişdi. Onun duası «Dənyal» kitabının 9-cu fəslində yazılıb. Bu dua əsirlikdə olan minlərlə yəhudinin hisslərini əks etdirirdi. Bu insanlar Yehovanın onları əfv edəcəyi günü, yenidən başlarından nemətlər yağdıracağı dövranı həsrətlə gözləyirdilər. Yəqin Hizqiyal xəbər verəndə ki, Allah onları azadlığa çıxaracaq, dirçəldəcək onlar sinədolusu, rahat nəfəs almışdılar!
14. Nəyə görə Yehova xalqını vətənə qaytaracaqdı?
14 Lakin Yehovanın Öz xalqını azad etməsinə və dirçəltməsinə daha vacib səbəb var idi. İllərlə sürən əsarət ona görə bitmədi ki, xalq azadlığa çıxmağa layiq idi. Səbəb o idi ki, Yehovanın Öz adını xalqların qarşısında müqəddəs etməsinin vaxtı çatmışdı (Hizq. 36:22). Babillilərə birdəfəlik məlum olacaqdı ki, onların yalan allahları, məsələn, Marduk Külli-İxtiyar Yehova ilə müqayisəyə gələ bilməz. Gəlin Yehovanın Hizqiyal vasitəsilə sürgündə olan yəhudilərə verdiyi beş vədi nəzərdən keçirək. Əvvəlcə görək bu vədlərin hər biri həmin sadiq insanlar üçün nə demək idi. Sonra isə bu vədlərin daha geniş miqyasda necə yerinə yetdiyini nəzərdən keçirəcəyik.
15. Əsirlikdən qayıdanların ibadətində hansı dəyişiklik olacaqdı?
15 BİRİNCİ VƏD. Bütpərəstliyə və yalan dinlə bağlı murdar ayinlərə son qoyulacaq. (Hizqiyal 11:18; 12:24 ayələrini oxuyun.) Bu kitabın 5-ci fəslində yazıldığı kimi, Yerusəlim və məbəd yalan dini ayinlərlə, bütpərəstliklə murdarlanmışdı. Xalq pozulmuş, Yehovadan uzaqlaşmışdı. Yehova Hizqiyal vasitəsilə bildirdi ki, gün gələcək əsirlikdə olan yəhudilər yenidən Yehovaya pak, ləkəsiz ibadət edəcəklər. Dirçəlişin özü ilə gətirdiyi qalan nemətlər isə bu əsas məsələdən, Allahın pak ibadəti bərpa etməsindən asılı idi.
16. Yehova xalqına vətənləri ilə bağlı hansı vədi vermişdi?
16 İKİNCİ VƏD. Xalq vətənə dönəcək. Yehova əsirlikdə olan yəhudilərə demişdi: «İsrail torpağını sizə verəcəyəm» (Hizq. 11:17). Bu, möhtəşəm vəd idi. Çünki Allahın xalqını lağa qoyan babillilər, sözsüz ki, onlara vətənə qayıdacaqlarına zərrə qədər də ümid vermirdilər (Əşy. 14:4, 17). Üstəlik, nə qədər ki vətənə qayıdanlar sadiq qalacaqdı, torpaq barlı-bəhərli, bərəkətli olacaqdı. Onlar qida sarıdan korluq çəkməyəcək, heç vaxt işsiz qalmayacaqdılar. Aclığın gətirdiyi rüsvayçılıq və miskinlik keçmişin acı xatirəsi olacaqdı. (Hizqiyal 36:30 ayəsini oxuyun.)
17. Yehova qurbanlarla bağlı hansı vədi vermişdi?
17 ÜÇÜNCÜ VƏD. Yehovanın qurbangahında yenidən bəxşişlər gətiriləcək. Bu nəşrin 2-ci fəslində araşdırıldığı kimi, Tövrata əsasən, qurban və təqdimələr pak ibadətin vacib şərtlərindən idi. Nə qədər ki vətənə dönən yəhudilər itaətkar qalacaqdılar və ruhani paklığı qoruyacaqdılar, Yehova onların qurbanlarını qəbul edəcəkdi. Beləcə, xalqın günahları üçün kəffarə veriləcəkdi və onlar Allaha yaxın olacaqdılar. Yehova vəd etmişdi: «Bütün İsrail əhli, hamı müqəddəs dağımda, İsrailin hündür dağında Mənə ibadət edəcək. Mən onlardan razı qalacağam. Onda sizdən bəxşişləri, ən yaxşı təqdimələri, müqəddəs təqdimələri qəbul edəcəyəm» (Hizq. 20:40). Bəli, pak ibadət bərpa olacaq və Allah xalqının başından nemətlər yağdıracaqdı.
18. Yehova xalqını necə bəsləyəcəkdi?
18 DÖRDÜNCÜ VƏD. Zalım çobanlar olmayacaq. Allahın xalqının düz yoldan sapmasının əsas səbəbi xalqın mənfur rəhbərləri idi. Yehova vəziyyəti dəyişəcəyini vəd etmişdi. Bu çobanlarla bağlı O demişdi: «Daha qoyunlarımı onlara tapşırmayacağam... Qoyunlarımı onların dişindən qurtaracağam». Yehova sadiq bəndələrini əmin etmişdi: «Qoyunlarımı bəsləyəcəyəm» (Hizq. 34:10, 12). Yehova bunu necə edəcəkdi? O, sadiq, mömin kişiləri çoban təyin edəcəkdi.
19. Yehova parçalanmış xalqına hansı vədi verdi?
19 BEŞİNCİ VƏD. Yehovaya ibadət edənlərin arasında birlik hökm sürəcək. Təsəvvür edin, sürgündən əvvəl Allahın xalqının parçalandığını görmək mömin insanları necə narahat edirdi. Yalançı peyğəmbərlərin, mənfur çobanların təsiri altında xalq Yehovanın adından danışan peyğəmbərlərə qarşı çıxırdı. Xalq hətta bir-birinə müxalif çıxan iki cəbhəyə bölünmüşdü. Buna görə də dirçəliş vədinin ən gözəl cəhətlərindən biri Yehovanın Hizqiyal vasitəsilə dediyi növbəti sözlər idi: «Mən sizə vahid ürək verəcəyəm, daxilinizə yeni ruh üfürəcəyəm» (Hizq. 11:19). Nə qədər ki vətənə dönən yəhudilər Yehova Allahla və bir-birilə vəhdətdə olacaqdılar, heç bir düşmən onlara bata bilməyəcəkdi. Onlar bir xalq kimi, yenidən Yehovanı şərəfləndirəcəkdilər, daha Onun adına ləkə gətirməyəcəkdilər.
20, 21. Allahın vədləri vətənə dönən yəhudilərin vaxtında necə yerinə yetdi?
20 Bəs bu beş vəd əsirlikdən qayıdan yəhudilərin vaxtında yerinə yetdi? Yehovanın sadiq bəndəsi Yuşənin sözlərini yadımıza salaq: «Allahınız Yehovanın sizə verdiyi gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi. Yerinə yetməyən bir söz belə, qalmadı» (Yuş. 23:14). Deməli, Yuşənin dövründə olduğu kimi, vətənə dönən yəhudilərin də dövründə Yehova vədlərini yerinə yetirəcəkdi.
21 Yəhudilər bir vaxtlar onları Yehovadan uzaq salan bütpərəstlikdən və yalan dinlə bağlı murdar ayinlərdən əl çəkdilər. Nə qədər mümkünsüz görünsə də, onlar öz vətənlərində yurd-yuva saldılar, torpağı əkib-becərdilər, orada mənalı həyat sürdülər. Vətənə dönəndə etdikləri ilk iş Yerusəlimdə Yehovanın qurbangahını bərpa etmək və orada qurbanlar gətirmək oldu (Üzr. 3:2—6). Yehova onlara yaxşı çobanlar, məsələn, kahin və mirzə Üzeyiri, vali Nəhəmya və Zərubabili, baş kahin Yuşəni, cəsarətli Həqqay, Zəkəriyyə və Məlaki peyğəmbəri yetirdi. Nə qədər ki, xalq Yehovanın buyurduğu yolla gedirdi, onlar arasında birlik hökm sürürdü. Onların çox-çox qədimlərdə gördüyü birlik bu birliklə müqayisəyə belə gələ bilməzdi (Əşy. 61:1—4; Ərəmya 3:15 ayəsini oxuyun).
22. Dirçəliş haqda peyğəmbərliklərin ilk dəfə yerinə yetməsinin gələcəkdəki hadisələrin işartısı olduğunu haradan bilirik?
22 Şübhəsiz, Yehovanın dirçəlişlə bağlı vədlərinin ilk dəfə yerinə yetməsi insanı ruhlandırır! Amma bu, gələcəkdə baş verəcək hadisələrin sadəcə kiçik bir işartısı idi. Bunu haradan bilirik? Yehova bu vədləri müəyyən şərtlər altında yerinə yetirəcəkdi. Xalq itaətkar qaldığı təqdirdə Yehova bu vədləri həyata keçirəcəkdi. Vaxt keçdikcə yəhudilər yenidən itaətsizlik və üsyankarlıq yoluna qədəm qoydular. Amma Yuşə boşuna deməmişdi ki, Yehovanın sözü həmişə yerinə yetir. Odur ki, bu vədlər daha böyük miqyasda yerinə yetməli idi. Üstəlik, onların gətirdiyi nemətlər əbədi sürməli idi. Gəlin görək bu necə oldu.
«Sizdən razı qalacağam»
23, 24. «Hər şeyin bərpa ediləcəyi vaxt» nə zaman və hansı hadisə ilə başladı?
23 Müqəddəs Kitab aydın göstərir ki, 1914-cü ildən etibarən bu şər dünya tənəzzül edir. Lakin Yehovanın xidmətçiləri üçün bu, kədərli dövr olmadı. Müqəddəs Kitaba əsasən, 1914-cü ildən möhtəşəm bir dövr, «hər şeyin bərpa ediləcəyi vaxt» başlayıb (Həv. 3:21). Bunu haradan bilirik? 1914-cü ildə göydə nə baş verdiyini yadımıza salaq. İsa Məsih Padşah taxtına əyləşdi! Bəs bu hadisə ilə bərpa vaxtı arasında hansı əlaqə var? Yadınızdadırsa, Yehova Davud padşaha söz vermişdi ki, onun nəslinin padşahlığı əbədi sürəcək (1 Saln. 17:11—14). Lakin e. ə. 607-ci ildə bu padşahlıq yıxıldı. Həmin il babillilər Yerusəlimi darmadağın edib Davud sülaləsinin hakimiyyətinə son qoydular.
24 İsa «insan Oğlu» olaraq Davudun nəslində doğuldu. Beləliklə, o, Davudun padşahlığının qanuni varisi oldu (Mət. 1:1; 16:13—16; Luka 1:32, 33). 1914-cü ildə Yehova İsaya səmavi taxt-tacı verəndə «hər şeyin bərpa ediləcəyi vaxt» başladı. Beləliklə, Yehova bu kamil Padşahın vasitəsilə bərpa işlərini davam etdirəcəkdi.
25, 26. a) Allahın xalqı Böyük Babilin əsarətindən nə vaxt qurtuldu və bunu haradan bilirik? (Həmçinin «Nəyə görə məhz 1919-cu il?» adlı çərçivəyə baxın.) b) 1919-cu ildən etibarən hansı peyğəmbərlik yerinə yetməyə başladı?
25 Məsihin Padşah kimi gördüyü ilk işlərdən biri nə oldu? O, Atası ilə birgə yer üzündəki sadiq məsihilərin ibadətini yoxladı (Məl. 3:1—5). İsanın «buğda və alaq otu» məsəlində dediyi kimi, uzun müddət buğdanı alaq otundan, yəni həqiqi məsh olunmuş məsihiləri yalançı məsihilərdən ayırmaq mümkün deyildib. 1914-cü ildə isə biçin vaxtı yetişmişdi və fərq aydın görünürdü. 1914-cü ilə qədərki onilliklər ərzində sadiq Müqəddəs Kitab Tədqiqatçıları Xristian dünyasındakı ciddi səhvləri ifşa edir və bu korlanmış təşkilatdan yavaş-yavaş ayrılırdılar. Onları dirçəltmək üçün Yehovanın təyin etdiyi vaxt artıq yetişmişdi. «Biçin vaxtı» hələ təzə-təzə başlayanda, 1919-cu ilin əvvəlində Allahın xalqı Böyük Babilin əsarətindən tamamilə azad oldu (Mət. 13:30). Nəhayət, əsirlik dövrü sona yetdi!
26 Hizqiyalın dirçəlişlə bağlı peyğəmbərlikləri qədimdəkindən qat-qat böyük miqyasda yerinə yetməyə başladı. Gəlin yuxarıda nəzərdən keçirdiyimiz beş vədin daha geniş miqyasda necə yerinə yetdiyi araşdıraq.
27. Allah xalqını bütpərəstliklə bağlı ayinlərdən necə təmizlədi?
27 BİRİNCİ VƏD. Bütpərəstliyə və yalan dinlə bağlı murdar ayinlərə son qoyulacaq. XIX əsrin sonu XX əsrin əvvəllərində sadiq məsihilər birlikdə toplaşır və yalan dinlə bağlı ayinlərdən təmizlənirdilər. Onlar üç üqnum, ruhun ölməzliyi, cəhənnəm təliminin Müqəddəs Kitaba əsaslanmadığını, yalan dindən qaynaqlandığını başa düşüb bu təlimləri rədd etdilər. Surətlərə sitayiş etməyin bütpərəstlik olduğunu ifşa etdilər. Tədricən Allahın xalqı ibadətdə xaçdan istifadə etməyin də bütpərəstlik olduğunu başa düşdü (Hizq. 14:6).
28. Yehovanın xalqı hansı mənada vətənə qayıtdı?
28 İKİNCİ VƏD. Allahın xalqı ruhani vətənə dönəcək. Sadiq məsihilər Böyük Babilə aid dindən çıxdıqdan sonra ruhani vətənə döndülər. Bu, Allahın mübarək qıldığı bir vəziyyət, mühit idi. Burada onlar artıq heç vaxt ruhani aclıq çəkməyəcəkdilər. (Hizqiyal 34:13, 14 ayələrini oxuyun.) Bu nəşrin 19-cu fəslində Yehovanın bu ruhani diyara görünməmiş miqyasda ruhani bərəkət yağdırdığı barədə danışılır (Hizq. 11:17).
29. 1919-cu ildə təbliğ işinə necə təkan verildi?
29 ÜÇÜNCÜ VƏD. Yehovanın qurbangahında yenidən bəxşişlər gətiriləcək. Birinci əsrdə məsihilərə aşılanırdı ki, onlar Allaha heyvan qurbanı yox, ondan qat-qat dəyərli olan mədh qurbanı gətirməlidirlər. Bu mədh qurbanlarına onların Yehovaya söylədiyi həmdlər, insanlara Onun haqqında danışarkən dedikləri sözlər daxil idi (İbr. 13:15). Allahın xalqının əsirlikdə olduğu yüzilliklər ərzində bu cür qurbanların mütəşəkkil surətdə gətirilməsi üçün heç bir quruluş yox idi. Lakin əsirliyin sonuna yaxın onlar artıq Allaha mədh qurbanı gətirirdilər. Onlar təbliğ edir və görüşlərdə Allaha həmdlər söyləyirdilər. 1919-cu ildən etibarən «sadiq və ağıllı nökər» təbliğ işinin vacibliyini daha çox vurğulamağa başladı və bu işin daha mütəşəkkil həyata keçirilməsi üçün tədbirlər gördü (Mət. 24:45—47). Beləliklə, Yehovanın müqəddəs adına həmdlər söyləyən, sayı günü-gündən artan böyük bir ordu Onun qurbangahında saysız-hesabsız qurbanlar gətirməyə başladı.
30. İsa sürüsünü yaxşı çobanlarla necə təmin etdi?
30 DÖRDÜNCÜ VƏD. Zalım çobanlar olmayacaq. Məsih Allahın xalqını Xristian dünyasının vicdansız, öz mənfəətini güdən çobanlarının caynağından qurtardı. Məsihin sürüsündə həmin yalançı çobanlar kimi davranan çobanlar da mövqelərindən uzaqlaşdırıldı (Hizq. 20:38). Yaxşı Çoban olan İsa Məsih tədbir gördü ki, sürüsü qayğıdan kənar qalmasın. O, 1919-cu ildə sadiq və ağıllı nökər təyin etdi. Sadiq məsh olunmuş məsihilərdən ibarət olan bu kiçik qrup Allahın xalqına ruhani qidanın verilməsinə rəhbərlik etməyə başladı. Beləliklə, Allahın xalqı daha ruhani qida sarıdan korluq çəkmədi. Vaxt keçdikcə ağsaqqallar Allahın sürüsünün qeydinə yaxşı qalmaq üçün təlim almağa başladılar (1 But. 5:1, 2). Hizqiyal 34:15, 16 ayələri vasitəsilə tez-tez məsihi ağsaqqallara sürünün qeydinə qalmaqla bağlı Yehova Allahın və İsa Məsihin tələbləri xatırladılır.
31. Yehova Hizqiyal 11:19 ayəsindəki peyğəmbərliyi necə yerinə yetirdi?
31 BEŞİNCİ VƏD. Yehovaya ibadət edənlərin arasında birlik hökm sürəcək. Əsrlər ərzində Xristian dünyası bir-birinə müxalif on minlərlə qollara, saysız-hesabsız cərəyan və təriqətlərə parçalanmışdır. Lakin Yehova bərpa etdiyi xalqın arasında xariqüladə bir iş gördü. O, Hizqiyal vasitəsilə söylədiyi vədi, xalqına «vahid ürək» verəcəyi vədini möhtəşəm surətdə gerçəkləşdirdi (Hizq. 11:19). Hazırda Məsihin bütün dünyada milyonlarla davamçısı var. Onlar bütün xalqlardan, sosial təbəqələrdən olan, müxtəlif dinlərdən çıxmış insanlardır. Bu fərqə baxmayaraq, onların hamısı eyni təlimləri öyrənir və görünməmiş vəhdət içində eyni işi icra edir. Yer üzündəki həyatının son gecəsi İsa Atasına hərarətlə dua etmişdi ki, davamçıları arasında birlik olsun. (Yəhya 17:11, 20—23 ayələrini oxuyun.) Bu gün Yehova həmin xahişi möhtəşəm surətdə yerinə yetirib.
32. Dirçəlişlə bağlı peyğəmbərliklərin yerinə yetməsi sizdə hansı hissləri doğurur? (Həmçinin «Əsarət və dirçəlişlə bağlı peyğəmbərliklər» adlı çərçivəyə baxın.)
32 Bərpa vaxtında yaşadığını düşündükcə insanın qəlbi cuşa gəlir. Bu gün ibadətimizin hər sahəsində Hizqiyalın söylədiyi peyğəmbərliklərin gerçəkləşdiyinin şahidi oluruq. Əmin ola bilərik ki, Yehova Hizqiyal vasitəsilə dediyi kimi xalqından razıdır (Hizq. 20:41). Bəli, bu gün Yehovanın xalqı əsrlərlə davam edən ruhani əsarətdən azadlığa çıxıb. Onlar ruhani bolluq içində yaşayır, birlik içində, həmahəng surətdə bütün dünyada Yehovaya mədh qurbanı gətirirlər. Belə bir xalqa aid olmaq çox böyük şərəfdir! Ancaq Hizqiyalın dirçəlişlə bağlı söylədiyi peyğəmbərliklərdən bəzilərinin bundan da böyük miqyasda yerinə yetəcəyini görəcəyik.
«Ədən bağına çevrilib»
33—35. a) Hizqiyal 36:35 ayələrində yazılmış peyğəmbərlik sürgündə olan yəhudilər üçün nə demək idi? b) Bu peyğəmbərlik Yehovanın müasir xalqı üçün hansı mənanı kəsb edir? (Həmçinin «Hər şeyin bərpa ediləcəyi vaxt» adlı çərçivəyə baxın.)
33 Gördüyümüz kimi, «hər şeyin bərpa ediləcəyi vaxt» İsa 1914-cü ildə taxta çıxanda Davud sülaləsinin bərpa edilməsi ilə başlandı (Hizq. 37:24). Növbəti addım olaraq, Yehova Məsihə səlahiyyət verdi ki, yüzilliklərlə davam edən ruhani əsarətdən sonra xalqı arasında pak ibadəti bərpa etsin. Bəs bərpa işləri bununla bitdimi? Xeyr! Bu iş gələcəkdə möhtəşəm surətdə davam edəcək. Hizqiyalın peyğəmbərliklərində bunun maraqlı təfərrüatları yazılıb.
34 Məsələn, götürək bu sözləri: «Hamı deyəcək: “Xarabalıqlar Ədən bağına çevrilib”» (Hizq. 36:35). Bu vəd Hizqiyal və sürgündə olan yəhudilər üçün nə demək idi? Sözsüz ki, onlar bu sözlərin tam şəkildə və hərfi mənada yerinə yetəcəyini gözləmirdilər. Düşünmürdülər ki, onların vətəni Yehovanın Öz əli ilə saldığı cənnət bağına bərabər olacaq (Yar. 2:8). Əksinə, onlar anlayırdılar ki, Yehova bu sözlərlə onları bərpa edilmiş vətənlərinin gözəl və bərəkətli olacağına əmin edir.
35 Bəs bu vəd bizim üçün hansı mənanı kəsb edir? Biz bu vədin indi, Şeytanın idarə etdiyi bu şər dünyada hərfi mənada çin olacağını gözləmirik. Biz başa düşürük ki, hazırda bu sözlər ruhani mənada yerinə yetir. Yehovanın xidmətçiləri olan bizlər bərpa edilmiş ruhani diyarda, yəni mühitdə yaşayır, səmərəli şəkildə xidmət edirik, bütün həyatımız müqəddəs xidmətin ətrafında cövlan edir. Bu ruhani məmləkət get-gedə daha çox cənnətə çevrilir. Bəs gələcək barədə nə demək olar?
36, 37. Gələcəkdə Cənnətdə hansı vədlər yerinə yetəcək?
36 Armageddon müharibəsindən sonra İsa bərpa işini yer üzündə hərfi mənada həyata keçirəcək. Minillik hakimiyyəti zamanı onun rəhbərliyi altında insanlar bütün Yer planetini Ədən bağına çevirəcək və beləliklə, Yehovanın əzəli niyyəti çin olacaq (Luka 23:43). O zaman insanlar həm bir-biri ilə, həm də Yer kürəsi ilə vəhdətdə olacaqlar. Heç yanda təhlükə, qorxu olmayacaq. Gerçəkləşən vədlərin içində belə bir vəd də olacaq: «Onlarla sülh əhdi bağlayacağam. Onlar çöllükdə asudə yaşasınlar, meşələrdə yatsınlar deyə, ölkədən vəhşi heyvanları qovacağam» (Hizq. 34:25).
37 Təsəvvür edirsiniz, siz qorxu-hürkü bilmədən dünyanın istənilən yerinə gedə biləcəksiniz. Heç bir heyvan sizə xətər yetirməyəcək. Əmin-amanlığınızı heç nə pozmayacaq. Təkbaşına sıx meşənin ən dərin guşəsinə gedə biləcəksiniz. Meşənin heyrətamiz gözəlliyini seyr edəcəksiniz. Hətta istəsəniz, orada gecələyə də biləcəksiniz. Səhər isə gümrah və sağ-salamat oyanacaqsınız.
38. Hizqiyal 28:26 ayəsindəki vədi oxuyanda sizdə hansı hisslər yaranır?
38 Biz həmçinin bu vədin də yerinə yetdiyini görəcəyik: «Orada əmin-amanlıqda yaşayacaq, evlər tikəcək, üzüm bağları salacaqlar. Onlara həqarətlə yanaşan ətraf xalqları cəzalandıranda onlar dinclik içində ömür sürəcəklər. Onda biləcəklər ki, Mən onların Allahı Yehovayam» (Hizq. 28:26). Yehovanın bütün düşmənləri dünya səhnəsindən yox olandan sonra biz bütün dünyada sülh və əmin-amanlıqdan həzz alacağıq. Biz həm yer kürəsinə qulluq edəcəyik, həm özümüzün, həm də doğmalarımızın qeydinə qalacağıq. Rahat evlər tikəcək, üzüm bağları salacağıq.
39. Nəyə əsasən əmin ola bilərsiniz ki, Hizqiyalın Cənnətlə bağlı söylədiyi peyğəmbərliklər mütləq gerçəkləşəcək?
39 Bu vədlər sizin üçün sadəcə bir xülya kimi səslənir? Əgər belədirsə, onda hər şeyin bərpa edildiyi bu vaxt ərzində şahidi olduğunuz hadisələri yadınıza salın. Şeytanın amansız təqiblərinə baxmayaraq, İsa Yehovadan aldığı səlahiyyətlə bu dünyanın ən zülmət dövründə pak ibadəti bərpa edib. Bu, Allahın Hizqiyal vasitəsilə verdiyi bütün vədlərin gerçəkləşəcəyinə tutarlı bir sübutdur!
a Əsirlikdə olan yəhudilərin əksəriyyəti Babil şəhərindən kənarda yaşayırdı. Məsələn, Hizqiyal Kəbər çayının yanında məskunlaşmış yəhudilərin arasında yaşayırdı (Hizq. 3:15). Lakin az sayda yəhudi şəhərin özündə qalırdı. Onların arasında «padşah və zadəgan nəslindən olan adamlar» var idi (Dən. 1:3, 6; 2 Pad. 24:15).
b XVI əsrdə yaşayan islahatçılardan kimin məsh olunmuş məsihi olduğunu dəqiq deyə bilmərik.