Məttanın yazdığı müjdə
24 İsa məbəddən çıxıb gedərkən şagirdləri yaxınlaşıb ona məbədin binalarını göstərməyə başladılar. 2 İsa onlara dedi: «Bütün bunları görürsünüz? Bunu bilin ki, burada daş daş üstə qalmayacaq, hər şey dağılacaq».+
3 İsa Zeytun dağında oturarkən şagirdləri təklikdə onun yanına gəlib soruşdular: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna*+ və o dövrün yekununa* əlamət nə olacaq?»+
4 İsa onlara cavab verdi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+ 5 Çünki çoxları mənim adımla gəlib “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq.+ 6 Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz. Təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+
7 Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada qıtlıq,+ zəlzələlər olacaq.+ 8 Bütün bunlar bəlaların* başlanğıcıdır.
9 Sizə əziyyət verəcəklər,+ sizi öldürəcəklər.+ Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək.+ 10 Bundan əlavə, çoxları iman yolundan dönəcək, bir-birini satacaq və bir-birinə nifrət edəcək. 11 Çoxlu yalançı peyğəmbər peyda olub bir çoxlarını aldadacaq.+ 12 Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq. 13 Lakin axıra kimi dözən xilas olacaq.+ 14 Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə+ bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək.
15 Buna görə də Dənyal peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə+ (oxuyan dərk etsin) 16 qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+ 17 Evin damında olan əşyaları götürmək üçün evə düşməsin. 18 Tarlada olan üst paltarını götürmək üçün evə qayıtmasın. 19 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına! 20 Dua edin ki, qaçmağınız qışa və ya şənbə gününə təsadüf etməsin. 21 Çünki o vaxt elə böyük müsibət olacaq ki,+ beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq.+ 22 O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq.+
23 O vaxt sizə desələr ki, “Məsih buradadır!”+ yaxud “oradadır!” inanmayın.+ 24 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər+ peyda olacaq. Onlar böyük əlamətlər və möcüzələr göstərəcəklər ki,+ mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar. 25 Mən sizi xəbərdar etdim. 26 Buna görə də sizə: “Baxın, o, çöllükdədir”, — desələr, getməyin. “Baxın, o, içəri otaqlardadır”, — desələr, inanmayın.+ 27 Necə ki şimşək şərqdə çaxıb qərbə kimi göyün üzünü işıqlandırır, insan Oğlunun hüzuru zamanı da belə olacaq.+ 28 Cəsəd haradadırsa, qartallar da ora yığışacaq.+
29 O günlərdəki müsibətdən dərhal sonra günəş zülmətə qərq olacaq,+ ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq.+ 30 Sonra göydə insan Oğlunun rəmzi peyda olacaq. Yer üzünün bütün qəbilələri kədər içində sinə döyəcək,+ insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcək.+ 31 O, güclü kərənay səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək Onun seçdiklərini yığacaqlar.+
32 Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+ 33 Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+ 34 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək. 35 Yer-göy yox olub gedəcək, amma mənim sözlərim qalacaq.+
36 O günü və saatı heç kəs bilmir:+ nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+ 37 Çünki Nuhun vaxtında+ necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq.+ 38 O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi.+ 39 Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular.+ İnsan Oğlunun hüzuru zamanı da belə olacaq. 40 O vaxt iki nəfər tarlada olacaq, biri götürüləcək, o birisi qalacaq. 41 İki qadın əldəyirmanında dən üyüdəcək, biri götürüləcək, o birisi qalacaq.+ 42 Buna görə də oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz.+
43 Bunu da bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi,+ oyaq qalardı və evinin yarılmasına yol verməzdi.+ 44 Bunun üçün siz də hazır olun,+ çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək.
45 Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı* nökər, görəsən, kimdir?+ 46 Ağası gələndə onu iş başında tapsa, xoş onun halına!+ 47 Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq.
48 Yox əgər o nökər yaramazlıq edib ürəyində: “Ağam gecikir”,+ — deyərsə, 49 qalan nökərləri döyər və əyyaşlarla yeyib-içərsə, 50 ağası onun gözləmədiyi bir gündə və bilmədiyi saatda gəlib+ 51 ona ağır cəza verəcək və onu ikiüzlülərin yanına atacaq. Yaramaz nökər orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq.+