Yehovanın Kəlamı canlıdır
«Avdiya», «Yunus» və «Mikeya» kitablarından diqqətəlayiq fikirlər
«BU, AVDİYAYA zühur olan görüntüdür» (Avdiya 1). Müqəddəs Yazılara daxil olan «Avdiya» kitabı bu sözlərlə başlayır. Peyğəmbər b. e. ə. 607-ci ildə tərtib etdiyi kitabında adından savayı özü haqda heç bir mə’lumat vermir. Bundan iki əsr əvvəl yazılan kitabında Yunus peyğəmbər missioner səyahətində baş verən hadisələrdən açıq danışır. Mikeyanın 60 illik peyğəmbərlik fəaliyyəti b. e. ə. 777-ci ildən b. e. ə. 717-ci ilədək davam edib, Avdiya və Yunus arasındakı dövrə təsadüf edir. Mikeya özü barədə yalnız onu deyir ki, o, Moreşet kəndindəndir və Yehovanın sözü ona «Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə» nazil olmuşdur (Mikeya 1:1). Xəbərini çatdırarkən istifadə etdiyi nümunələrdən bəlli olur ki, peyğəmbər kənd həyatı ilə tanışdır.
EDOM ‘ƏBƏDİ MƏHV OLACAQ’
Edom haqqında Avdiya deyir: «Qardaşın Yaquba etdiyin zorakılığa görə sən xəcalət içində qalacaqsan, əbədi məhv olacaqsan». Edomluların bu yaxınlarda Yaqubun oğulları olan israillilərə etdiyi zorakılıq peyğəmbərin hələ də yadındadır. Eramızdan əvvəl 607-ci ildə babillilər Yerusəlimi darmadağın edəndə edomlular ‘uzaqda durub tamaşa edirdilər’ və basqınçı «əcnəbilər»in müttəfiqinə çevrilmişdilər (Avdiya 10, 11).
Onlardan fərqli olaraq, Yaqubun nəslini dirçəliş gözləyir. Avdiyanın peyğəmbərliyində deyilir: «Qurtuluş tapanlar Sion dağına toplanacaq, o dağ müqəddəs olacaq» (Avdiya 17).
Müqəddəs Kitab suallarına cavablar:
1:5-8 — Edomun məhvi ilə üzüm yığanların və gecə quldurların gəlməsi arasındakı müqayisədə diqqətəlayiq olan nədir? Əgər Edoma oğrular gəlsəydi, onlar yalnız istədiklərini aparacaqdılar. Məhsul yığanlar gəlsəydi, məhsul yığımından sonra qalanları götürməyəcəkdilər. Ancaq Edom onunla ‘əhd bağlayan’ müttəfiq babillilər tərəfindən darmadağın ediləndə onun xəzinələrini tapıb tamamilə qarət edəcəklər (Yeremya 49:9, 10).
1:10 — Edom necə ‘əbədi məhv oldu’? Qabaqcadan deyildiyi kimi, nə vaxtsa mövcud olan və torpağa, hakimiyyət orqanına sahib olan Edom xalqının nəsli tamamilə kəsilmişdi. Babil padşahı Nabonid eramızdan əvvəl təxminən altıncı əsrin ortalarında Edomu işğal etdi. Eramızdan əvvəl dördüncü əsrdə Edom ərazisində artıq nabatlılar yaşayırdı, edomlular isə Yəhudeyanın cənub hissəsində, sonralar İdumeya kimi tanınan Negev diyarında məskunlaşmalı oldular. Romalılar eramızın 70-ci ilində Yerusəlimi yerlə yeksan edəndən sonra edomlular bir xalq kimi mövcud olmadılar.
Bizim üçün ibrət dərsləri:
1:3, 4. Edomlular strateji baxımdan əlverişli yerdə — uca dağların qayalı, dərəli-təpəli yerlərində yaşayırdılar. Ola bilsin, buna görə qürurlu edomlular düşünürdülər ki, tam təhlükəsizlik içindədirlər. Ancaq Yehovanın hökmündən qaçmaq mümkün deyil.
1:8, 9, 15. Dünyanın müdrikliyi və qüdrəti ‘Rəbbin [Yehovanın] günündə’ müdafiə edə bilməyəcək (Yeremya 49:7, 22).
1:12-14. Edomlular Allahın xidmətçilərinin çətinliklərlə üzləşməsinə sevinən insanlar üçün xəbərdaredici nümunədir. Əgər kimsə Yehovanın xalqı ilə pis rəftar edirsə, O buna biganə qalmır.
1:17-20. Sağ qalanlar eramızdan əvvəl 537-ci ildə Babil sürgünündən Yerusəlimə qayıdanda Yaqubun nəslinin dirçəlişi haqda peyğəmbərlik yerinə yetməyə başladı. Yehovanın sözü həmişə yerinə yetir. Biz Onun və’dlərinə tam e’tibar edə bilərik.
«NİNEVA DAĞILACAQ!»
Allahın «Ninevaya o böyük şəhərə get və ona qarşı car çək» əmrinə tabe olmaq əvəzinə, Yunus əks istiqamətə qaçır. Lakin Yehova ‘dənizdə güclü külək qaldıraraq’ və ‘böyük balıqdan’ istifadə edərək Yunusun istiqamətini dəyişir və ikinci dəfə ona Aşşurun paytaxtı Ninevaya getməyi tapşırır (Yunus 1:2, 4, 17; 3:1, 2).
Yunus Ninevaya gəlir və açıq-aydın bəyan edir ki, «qırx gündən sonra Nineva dağılacaq» (Yunus 3:4). Təbliğinin gözlənilməz nəticəsi onu «hirsləndi»rir. Yehova «gənəgərçək bitkisi»ndən istifadə edərək Yunusa mərhəmət dərsi verir (Yunus 4:1, 6).
Müqəddəs Kitab suallarına cavablar:
3:3 — Doğrudanmı Ninevanı gəzib-dolaşmaq üçün üç gün lazım idi? Bəli. Qədim zamanlarda Nineva dedikdə, çox güman ki, şimalda yerləşən Xorsabaddan tutmuş cənubda yerləşən Nimrudadək səpələnən yaşayış məntəqələri də nəzərdə tutulurdu. Nineva adı altında gedən bütün bu yaşayış yerləri 100 km ölçüsündə olan dördbucaq əmələ gətirirdi.
3:4 —Ninevalılara təbliğ etmək üçün Yunusa Aşşur dilini öyrənmək lazım gəldimi? Ola bilsin, Yunus artıq Aşşur dilini bilirdi, yaxud da ona mö’cüzəli şəkildə bu dildə danışmaq bacarığı verilmişdi. Elə də ola bilər ki, o, qısa xəbərini ibrani dilində bəyan edirdi və kimsə onu tərcümə edirdi. Əgər axırıncı fərziyyə doğrudursa, insanların onun xəbərinə marağı daha da böyük olmalı idi.
Bizim üçün ibrət dərsləri:
1:1-3. Padşahlığın təbliği və şagirdlər hazırlamaq işində tam iştirak etməmək üçün qəsdən başqa işlər planlaşdırmaq motivlərin düzgün olmamasını büruzə verir. Belə edən kəs, demək olar ki, Allahın tapşırığını yerinə yetirməkdən yayınır.
1:1, 2; 3:10. Yehovanın mərhəməti müəyyən xalq, irq, yaxud xüsusi qrupla məhdudlaşmır. «Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər» (Məzmur 145:9).
1:17; 2:10. Yunusun böyük balığın qarnında üç gün və üç gücə qalması İsanın ölümünə və dirilməsinə işarə edir (Matta 12:39, 40; 16:21).
1:17; 2:10; 4:6. Yehova Yunusu dənizdəki fırtınadan xilas etdi. Allah həm də «Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi». Yehovanın müasir xidmətçiləri Allahlarına və məhəbbətindən irəli gələrək onları qoruyub xilas edəcəyinə inana bilərlər (Məzmur 13:5; 40:11).
2:1, 2, 9, 10. Yehova xidmətçilərinin dualarını eşidir və yalvarışlarına diqqət yetirir (Məzmur 120:1; 130:1, 2).
3:8, 10. Həqiqi Allahın ninevalılara rəhmi gəldi və O, «əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi». Nəyə görə? Çünki onlar ‘pis yoldan döndülər’. Bu gün də günahkar səmimi qəlbdən tövbə etsə, Allahın şiddətli hökmü ondan yan keçə bilər.
4:1-4. Heç bir insan Allahın mərhəmətinə məhdudiyyət qoya bilməz. Yehovanın mərhəmətli yollarını tənqid etməkdən özümüzü gözləməliyik.
4:11. Padşahlıq haqqında xoş xəbərin bütün dünyada bəyan edilməsi Yehovanın səbirli olmasını göstərir. Onun qədimdə Nineva şəhərinin 120 000 sakini kimi «sağ əlini sol əlindən ayıra bilməyən» müasirlərimizə yazığı gəlir. Məgər bizim də ərazimizdə yaşayanlara yazığımız gəlməli deyilmi və bu səbəbdən onlara Padşahlıq haqqında xoş xəbəri təbliğ etməli və şagirdlər hazırlamalı deyilikmi? (2 Peter 3:9).
ONLARIN ‘BAŞININ KEÇƏLLİYİ GENİŞLƏNƏCƏK’
Mikeya İsrailin və Yəhudanın günahlarını ifşa edir, paytaxtlarının viran ediləcəyini söyləyir və onun dirçələcəyini və’d edir. Samariya ‘yerlə yeksan ediləcək’. İsrail və Yəhuda bütpərəst olduqlarına görə ‘keçəlliyə’, yə’ni rüsvayçılığa layiqdirlər. Sürgün ediləndə onların ‘keçəlliyi genişlənərək’ başında bir-iki tük olan «kərkəs»inki kimi olacaq. Yehova və’d edir: «Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam» (Mikeya 1:6, 16, KM; 2:12). Pozğun rəhbərlərə və qanunsuz peyğəmbərlərə görə Yerusəlim də «daş qalağına... çevriləcək». Lakin Yehova xalqını ‘bir yerə toplayacaq’. ‘Bet-Lexem Efratadan İsrail üzərində hökmdar çıxacaq’ (Mikeya 3:12; 4:12; 5:2).
Yehova İsraillə ədalətsiz davrandı? Onun tələbləri çox çətin idi? Xeyr. Yehova xidmətçilərindən ‘adil olmalarından, məhəbbət göstərməyi sevmələrindən, Allahın önündə həlim ürəklə gəzmələrindən’ başqa bir şey tələb etmir (Mikeya 6:8). Mikeyanın müasirləri isə o qədər pozğun idi ki, onların ‘ən yaxşısı tikandan dəyərsiz, ən salehi də alaq otundan pis’ idi. Ancaq peyğəmbər soruşur: «[Yehova] kimi Allah varmı?» Allah yenə də xalqına rəhm edəcək və ‘bütün günahlarını dənizin dərinliklərinə atacaq’ (Mikeya 7:4, 18, 19).
Müqəddəs Kitab suallarına cavablar:
2:12 — ‘İsrailin sağ qalanlarının toplanması’ haqqında peyğəmbərlik nə zaman yerinə yetdi? Bu peyğəmbərlik ilk dəfə eramızdan əvvəl 537-ci ildə, yə’ni sağ qalan yəhudilər Babil sürgünündən vətənlərinə qayıdanda yerinə yetmişdi. Müasir dövrdə bu peyğəmbərlik «Allahın İsraili» üzərində yerinə yetir (Qalatiyalılara 6:16). Məsh olunmuş məsihçilər 1919-cu ildən «ağıldakı qoyun-keçi kimi» bir yerə yığıldılar. Xüsusilə 1935-ci ildən e’tibarən, ‘böyük izdihamı’ təşkil edən ‘başqa qoyunlarla’ birləşərək ‘otlaqdakı sürü kimi adamlarla dolu’ oldular (Vəhy 7:9; Yəhya 10:16). Onlar bir yerdə sə’ylə həqiqi ibadət üçün çalışırlar.
4:1-4 — «Son günlərdə» Yehova hansı mə’nada ‘çox xalqlar arasında hakimlik edir, güclü millətlər haqqında qərar çıxarır’? «Çox xalqlar» və «güclü millətlər» ifadələrinin hansısa millətə, yaxud siyasi qüvvəyə aidiyyəti yoxdur. Əksinə, bu ifadələr Yehovaya ibadət edən bütün xalqlardan olan insanlara aiddir. Yehova ruhani mə’nada onların arasında hakim olur və onlar haqqında qərar çıxarır.
Bizim üçün ibrət dərsləri:
1:6, 9; 3:12; 5:2. Samariya hələ Mikeya peyğəmbərin günlərində, yə’ni b. e. ə. 740-cı ildə aşşurlular tərəfindən darmadağın edildi (2 Padşahlar 17:5, 6). Aşşurlular Xizqiyanın padşahlıq etdiyi vaxtda Yerusəlimədək gəlib çatmışdılar (2 Padşahlar 18:13). Babillilər eramızdan əvvəl 607-ci ildə Yerusəlimi yandırdılar (2 Salnamələr 36:19). Peyğəmbərlik edildiyi kimi, Məsih «Bet-Lexem Efrata»da doğuldu (Matta 2:3-6). Yehovanın peyğəmbərlik kəlamı heç vaxt boşa çıxmır.
2:1, 2. Əgər biz Allaha xidmət etdiyimizi iddia edir, amma ilk növbədə «Allahın Səltənətini və Onun salehliyini» axtarmaq əvəzinə var-dövlət dalınca qaçırıqsa, bu necə də təhlükəlidir! (Matta 6:33; 1 Timoteyə 6:9, 10).
3:1-3, 5. Yehova xalqı arasındakı məs’ul şəxslərdən ədalətli olmalarını gözləyir.
3:4. Əgər Yehovanın dualarımıza cavab verməsini istəyiriksə, günah işlətməməli və ikili həyat sürməməliyik.
3:8. Özünə hökm xəbərini daxil edən müjdəni təbliğ etmək tapşırığını yalnız Yehovanın müqəddəs ruhu ilə möhkəmləndiyimiz təqdirdə yerinə yetirə bilərik.
5:5, (KM). Məsih haqqında olan bu peyğəmbərlik bizi əmin edir ki, düşmənləri Allahın xalqına hücum etsə, «yeddi [tamlıq rəmzi] çoban» və «xalq rəislərindən səkkiz»i, yə’ni xeyli bacarıqlı kişi Yehovanın xalqı arasında rəhbərliyi öz üzərinə götürəcək.
5:7, 8. Məsh olunmuş məsihçilər bir çoxları üçün Yehovanın «göndərdiyi şeh» kimidirlər, Onun xeyir-duasıdırlar, çünki Padşahlıq haqqında müjdənin bəyan edilməsi üçün Yehova onlardan istifadə edir. ‘Başqa qoyunlar’ təbliğ işində məsh olunmuşları fəal dəstəkləyərək insanlara ruhani təravət gətirməkdə kömək edirlər (Yəhya 10:16). Başqalarına əsl təravət gətirən bu işdə iştirak etmək necə də böyük şərəfdir!
6:3, 4. Biz Yehova Allahı təqlid etməli və hətta çətin yola gedilən və ya ruhani cəhətdən zəif olan insanlarla xeyirxahcasına və şəfqətlə davranmalıyıq.
7:7. Yaşadığımız pis dünyanın axır günlərində problemlərlə mübarizə apararkən ümidsizliyə qapılmamalıyıq. Əksinə, Mikeya kimi, biz də ‘Allahımızı gözləməliyik’.
7:18, 19. Yehova səhvlərimizi bağışlamağa hazır olduğu kimi, biz də bizə qarşı günah işlədənləri bağışlamağa hazır olmalıyıq.
Yehovanın ‘adı ilə getməyə’ davam edin
Allaha və Onun xalqına qarşı savaşanlar ‘əbədi məhv olacaqlar’ (Avdiya 10). Ancaq Yehovanın xəbərdarlığına qulaq asıb ‘pis yoldan dönəriksə’, Onun hökmünə düçar olmayacağıq (Yunus 3:10). «Son günlərdə», yə’ni bu sistemin ‘axır günlərində’ həqiqi ibadət bütün yalan dinlərdən yüksəyə ucaldılır və itaətkar insanlar ona sarı axışırlar (Mikeya 4:1; 2 Timoteyə 3:1). Buna görə, gəlin biz də ‘daim və əbədi Allahımız Rəbbin [Yehovanın] adı ilə getməyə’ qətiyyətli olaq (Mikeya 4:5).
«Avdiya», «Yunus» və «Mikeya» kitablarında bizim üçün necə də qiymətli dərslər var! Təxminən 2 500 il əvvəl yazılmalarına baxmayaraq, bu kitablardakı xəbər bu gün də «canlı və tə’sirli»dir (İbranilərə 4:12).
[15-ci səhifədəki şəkil]
Avdiya peyğəmbərlik edir: ‘[Edom] əbədi məhv olacaq’.
[17-ci səhifədəki şəkil]
Mikeya kimi, sən də Yehovanı ‘gözləyə’ bilərsən.
[18-ci səhifədəki şəkil]
Təbliğ işi qiymətləndirməli olduğumuz şərəfdir.